Sənə Məktub Yazıram

Sənə Məktub Yazıram

Sənə məktub yazıram,
Yazıram ki, bağışla...
Burda hava pis keçir,
Ara vermir yağışlar.

Tək yatıb, tək durmaqdan,
Bezdirmişəm otağı.
Bilirsən, pinti olur
Yalqızların yatağı.

Yalqızlar az yuyunur,
Gəlir yalqızlardan iy.
Çayları soyuq olur,
Yeməkləri alaçiy.

Çirkli ayaqqabılar,
Dibi yanmış qazança.
Bir qırıq da ümid var
Qayıdacaq haçansa.

Yalqız sabaha baxmır,
Arzulayır keçmişi.
Çox misgin mənzərədir
Ev yığışdıran kişi.

Hələ bunun gecələr,
İçib ağlamağı var.
Saçın daramamağı,
Saqqal saxlamağı var.

Üstəgəl pəncərədən
Gözünü yola dikmək.
Gəlməyini gözləmək,
Qadın həsrəti çəkmək.

Dərd ağır, hava da pis,
Ara vermir yağışlar.
Sənə məktub yazıram,
Yazıram ki... Bağışla!!!

Aqşin Yenisey

Netd.Az

Digər Məqalələr

MobTop.az