Azad Rəhimov Vəfat Etdi

Azad Rəhimov Vəfat Etdi

Gənclər və idman naziri Azad Rəhimov vəfat edib.

Bir müddətdir, ABŞ-da müalicə olunan A. Rəhimov 57 yaşında dünyasını dəyişib.

Onun cənazəsi Azərbaycana gətirilir.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 134 saylı məktəbdə aldıqdan sonra 1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayan Azad Rəhimov 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində çalışıb. O, 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.



Nazir Azad Rəhimov Avropa tarixində ilk dəfə təşkil olunan və 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə icra olunmasında xüsusi xidmətlər göstərib.

Onun fəaliyyəti dövrü 2012-ci ildə 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi, ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına, daha sonra 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması, 2016-cı il 17-19 iyun tarixlərində Bakının Formula-1 idmanı üzrə Avropa Qran-Prisinin keçiriləcəyi şəhərlər sırasına daxil olması, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və s. kimi idman siyasətinin mühüm hadisələri kimi də yadda qalıb.

Azad Rəhimovun idman və gənclərlə iş üzrə fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.

Netd.Az

Digər Məqalələr

MobTop.az